Azərbaycanda ictimai iaşə və xidmət sahələrində çalışan şəxslər məcburi tibbi müayinədən keçiriləcək.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyi Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.
Sorğunun cavabında qeyd olunub ki, hazırda bu sahədə normativ və hüquqi aktlar hazırlanır: “Hüquqi baza yaradıldıqdan sonra Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində də qeyd olunduğu kimi Qida Təhlükəsizliyi Agentliyi Səhiyyə Nazirliyi ilə birlikdə qida zəncirinin bütün halqalarında, o cümlədən ictimai iaşə və xidmət sahələrində çalışan şəxslərin müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarət edəcək”.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin yanvar ayının 30-da keçirilən iclasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev bildirib ki, bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir: “Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır”.