Qida və yem məhsullarının təhlükəsizliyinə dair ümumi tələblər hansılardır? 

Təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır.

Foodinfo.az xəbər ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda, qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda və qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda qida məhsulları təhlükəli hesab edilir.

Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların (Qanunda nəzərdə tutulmuş qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) istifadəçilər üçün açıq reyestri aparılır. Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Eyni zamanda heyvan sağlamlığına zərərli olmasına dair sübutlar olduqda və heyvan mənşəli qida məhsulunu insan istehlakı üçün yararsız etdikdə yem məhsulları təhlükəli hesab edilir. 

Təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın, yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda, həmin bağlamada, partiyada və yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli hesab edilir.