Mütəxəssislər bildirirlər ki, gənc və sağlam qalmağın sirri təkcə kosmetik vasitələrdə deyil, həm də gündəlik qidalanmada gizlənir. Düzgün və balanslı rasion hüceyrələri vaxtından əvvəl qocalmadan qorumağa kömək edə bilər.
Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, nutrisioloq Yuliya Popovanın sözlərinə görə, qidalanma insanın bioloji yaşına birbaşa təsir göstərir. Araşdırmalar göstərir ki, ultra emal olunmuş qidalar, şirin içkilər və rafinə edilmiş məhsulların tez-tez istehlakı hüceyrələrin daha sürətli qocalmasına səbəb ola bilər.
Ekspert qeyd edir ki, bu prosesi müəyyən qədər geri çevirmək mümkündür. Orqanizm qida vasitəsilə hüceyrələri bərpa etmək qabiliyyətinə malikdir. Bunun üçün rasionda amin turşuları ilə zəngin zülallar və hormonların sintezi üçün vacib olan sağlam yağlar mühüm rol oynayır.
Mütəxəssislər xüsusilə həftədə iki dəfə yağlı balıq yeməyi, hər qida qəbulunda təzə tərəvəz və lif mənbələrinə yer verməyi tövsiyə edirlər. Bundan əlavə, antioksidantlarla zəngin giləmeyvələr və katexinlərlə tanınan yaşıl çay da orqanizm üçün faydalıdır.
Nutrisoloq bildirir ki, bəzi ədviyyələr də uzunömürlülüyə müsbət təsir göstərə bilər. Məsələn, zerdeçal və hilbə kimi ədviyyələr həzm prosesini yaxşılaşdırır və orqanizmdə mühüm bioloji proseslərin düzgün işləməsinə kömək edir.






