
Stressin gündəlik həyatımızın bir hissəsinə çevrildiyi dövrdə alimlər və qidalanma mütəxəssisləri təbii yollarla əsəbləri sakitləşdirə biləcək qidaların önəmini vurğulayırlar. Bu siyahıda ən diqqət çəkən qidalardan biri də qozdur.
Foodinfo.az xəbər verir ki, araşdırmalara əsasən, qozun tərkibində yüksək miqdarda omeqa-3 yağ turşuları, maqnezium, B qrupu vitaminləri və güclü antioksidantlar mövcuddur.
Bu maddələr beyində serotonin və dopamin kimi xoşbəxtlik hormonlarının ifrazını dəstəkləyərək həm stressi, həm də narahatlığı azaldır.
Mütəxəssislərin açıqlamalarına görə:
– Qoz sinir sistemini qoruyur və beynin fəaliyyətini gücləndirir
– Kortizol (stress hormonu) səviyyəsini aşağı salır
– Yuxu keyfiyyətini yaxşılaşdıraraq əsəb gərginliyini azaldır
– Uzunmüddətli istifadədə yaddaşı və diqqəti gücləndirir
Həkimlər xüsusilə gündə 3-4 ədəd qoz yeməyi məsləhət görürlər. Bu miqdar həm orqanizmin ehtiyaclarını ödəyir, həm də artıq çəki riskinin qarşısını alır. Çünki qoz qidalandırıcı və faydalı olsa da, yüksək kalorili qida hesab olunur.
Mütəxəssislər əlavə edirlər ki, qozun təsiri təkcə əsəblərlə məhdudlaşmır. Onun ürək-damar sağlamlığına müsbət təsir etdiyi, xolesterolu saldığı və immun sistemini gücləndirdiyi də elmi cəhətdən sübut olunub.