Son dövrlərdə “şəkərsiz” və “diyet” etiketli desertlərə maraq artıb. Foodinfo.az bildirir ki, bu məhsulların tərkibi çox zaman daha az kalori və şəkər göstərilsə də, həqiqi təsirləri sual doğurur. Şəkər əvəzinə istifadə edilən süni və ya təbii şirinləşdiricilər, məsələn, steviya, eritritol və sukraloz bəzən bağırsaq florasını poza və həzm problemlərinə səbəb ola bilər.

Bu cür desertlərdə istifadə edilən emal olunmuş un və doymuş yağlar isə bədəndə piylənmə və insulin müqavimətini gücləndirə bilər. Bəzi hallarda isə “şəkərsiz” adı altında satılan məhsullarda başqa adlarla gizlədilmiş şəkər mənbələri (maltodekstrin, fruktoza siropu) istifadə olunur.

Əlavə olaraq, bu desertlərdəki süni dadlandırıcıların uzunmüddətli təsiri ilə bağlı kifayət qədər araşdırma mövcud deyil. Hətta bəzi tədqiqatlar onların şəkərə olan həvəsi azaltdığını deyil, əksinə artırdığını bildirir. Sağlamlıq üçün faydalı hesab edilən desertlər təbii meyvələr, qoz-fındıq və tərkibində qlükoza balansını pozmayan maddələr əsasında hazırlanmalıdır. Nəticə olaraq, “şəkərsiz” etiketi hər zaman məhsulun sağlam olduğunu göstərmir və tərkibinə diqqət yetirmək vacibdir.