Gəncliyi və enerjini qorumaq üçün möcüzəvi dərman yoxdur. Sağlam görünüş və daxili tarazlıq düzgün qidalanma və həyat tərzi ilə formalaşır. Foodinfo.az dietology.pro saytına istinadla xəbər verir ki, bəzi qidalar orqanizmdə yaşlanma prosesini ləngidir və ümumi sağlamlığın qorunmasına kömək edir.

Mütəxəssislərin fikrincə, yaşlanmanın əsas səbəbləri həzm sisteminin zəifləməsi, dayaq-hərəkət aparatında yaranan problemlər və psixoloji gərginlikdir. Yanlış qidalanma və hərəkətsiz həyat tərzi bu prosesi daha da sürətləndirir. Buna görə də qida rasionu yaş dövrlərinə uyğun şəkildə qurulmalıdır.

20 yaşa qədər orqanizm hələ inkişaf mərhələsində olur. Bu dövrdə zülal və təbii yağlarla zəngin qidalar sinir və hormonal sistemin normal fəaliyyəti üçün vacib sayılır. Süd məhsulları, pendir və kərə yağı bu baxımdan faydalıdır.

20–30 yaş aralığında maddələr mübadiləsi daha aktiv olur. Bu mərhələdə balanslı qidalanma əsas şərtdir. Rasionda karbohidratlar, zülallar və yağlar ölçülü şəkildə yer almalı, vitamin və dəmir tərkibli məhsullara üstünlük verilməlidir.

30–40 yaşdan sonra bədəndə dəyişikliklər başlayır. Həzm problemləri və hormonal pozuntular çəki artımına səbəb ola bilər. Bu yaşda liflə zəngin qidalar, zülal, C vitamini, maqnezium və sink vacib rol oynayır.

40–50 yaşdan sonra maddələr mübadiləsi yavaşlayır. Yağların bədəndə yığılması asanlaşır. Bu dövrdə ağır ət məhsullarını azaltmaq, balıq və ağ ətə üstünlük vermək tövsiyə olunur. Qızardılmış və tüstülənmiş yeməklərdən uzaq durmaq daha məqsədəuyğundur.

Gəncliyi qorumağa kömək edən faydalı qidalar

Avokado dəri və saçların sağlam qalmasına kömək edir. Tərkibindəki faydalı yağlar hormonal tarazlığı dəstəkləyir və qan şəkərini yüksəltmir.

Kokos yağı orqanizmə enerji verir və xolesterin balansını qorumağa kömək edir. Az miqdarda istifadə edildikdə gün ərzində gümrahlıq yarada bilər.

Batat dərinin elastikliyini qoruyur və görmə qabiliyyətinə müsbət təsir göstərir. Kollagen sintezini gücləndirən bu tərəvəz hüceyrələri zədələnmədən qoruyur.

Qızılbalıq immuniteti möhkəmləndirir, dərinin elastikliyini artırır və sinir sisteminin normal işləməsinə dəstək verir.

Mütəxəssislər bildirir ki, gəncliyi uzun müddət qorumaq üçün düzgün qidalanma ilə yanaşı, aktiv həyat tərzi və müsbət düşüncə də böyük əhəmiyyət daşıyır.