Pomidorlar sousların, salatların, həmçinin qış şorbalarının vazkeçilməz inqrediyentidir. Uzun illərdir super qida kimi tanınan pomidorlarla bağlı ən çox müzakirə olunan suallardan biri isə onların hansı formada daha faydalı olmasıdır, təzə, yoxsa konservləşdirilmiş?

Lent.az xəbər verir ki, yayılmış fikirlərin əksinə olaraq, konservləşdirilmiş tərəvəzlərin qida dəyərinin aşağı olması hər zaman doğru deyil.

Həm təzə, həm də konservləşdirilmiş pomidorlar qidalı, faydalı və gündəlik rasion üçün uyğundur. Fərq isə əsasən tərkibdəki bəzi maddələrin miqdarında özünü göstərir.

Mütəxəssislər bildirirlər ki, qida dəyərinə görə hər iki növ pomidor demək olar ki, eynidir. Onların tərkibində kalium, fol turşusu, K vitamini və antioksidantlar var. Bu maddələr ürək-damar sisteminin sağlamlığını, sümüklərin möhkəmliyini və hüceyrələrin qorunmasını dəstəkləyir. Bununla yanaşı, bəzi fərqlər mövcuddur.

Belə ki, təzə pomidorlarda C vitamini daha çoxdur. Bu vitamin immuniteti gücləndirir və orqanizmin stressə qarşı müqavimətini artırır. Konservləşdirilmiş pomidorlar isə likopenlə daha zəngin olur. Likopen güclü antioksidant sayılır və xroniki xəstəliklərin riskinin azalmasında mühüm rol oynayır.

Mütəxəssislər bunun səbəbini istilik emalı ilə izah edirlər. Termiki emal nəticəsində likopen orqanizm üçün daha asan mənimsənilən hala gəlir. Bu səbəbdən tomat sousları, pastalar və bişirilmiş yeməklər bəzi hallarda çiy pomidordan daha faydalı ola bilər.

Konservləşdirmə zamanı qida maddələrinin itirilməsi ilə bağlı narahatlıqlara da aydınlıq gətirilib. Məlumata görə, müasir konservləşdirmə üsulları vitamin və mineralların böyük hissəsini qoruyur. Üstəlik, konserv üçün nəzərdə tutulan pomidorlar adətən tam yetişmiş halda, qida maddələrinin ən yüksək səviyyədə olduğu vaxtda emal edilir. Lakin mütəxəssislər bəzi məqamlara diqqət yetirməyi tövsiyə edirlər. Xüsusilə konservlərin tərkibindəki duz miqdarı, qablaşdırmanın şüşə olması və əlavə maddələrin olmaması önəm daşıyır.

Qeyd olunur ki, təzə pomidorlar əsasən tekstura və parlaq dadın vacib olduğu yeməklər üçün daha uyğundur. Salatlar, sendviçlər, brusketta, salsa və yüngül makaron yeməklərində təzə pomidorlara üstünlük verilir. Mövsümündə olan pomidorlar ətirli və şirəli olur, əlavə emala ehtiyac qalmır.

Konservləşdirilmiş pomidorlar isə daha çox soyuq mövsümdə istifadə olunur. Onlar tomat sousları, şorbalar, qovurmalar, pizza, çili və uzun müddət bişirilən yeməklər üçün ideal hesab edilir. Doğranmış və ya öz şirəsində olan pomidorlar yeməyə zəngin dad və rəng qatır.

Mütəxəssislərin fikrincə, əsas məsələ hansı variantın daha üstün olduğunu müəyyənləşdirmək deyil, balansı qorumaqdır. Yay aylarında təzə pomidorlardan istifadə etmək, qışda isə konservləşdirilmiş məhsullara üstünlük vermək daha məqsədəuyğundur. Pomidorlar istənilən formada həm dadlı, həm də sağlam qida mənbəyi olaraq gündəlik rasionda mühüm yer tutur.