Allaha bağlı bir həyat sürmək, müqəddəslərə olan sevgini nümayiş etdirmək bəyənilən əməldir. Lakin bunun da ölçüləri və qaydaları olmalıdır. Allahın, müqəddəs şəxslərin adını yeməli qida məhsullarının üzərinə yazdırmağı və sonra həmin məhsulları yeməyi etik baxımdan müsbət qarşılamırıq. Bunun haram olduğuna hökm vermək olmaz, amma bəyənmək də çətindir. Bu hərəkət zamanı yaranan ikinci problem paklıq məsələsidir. Belə ki, Allahın və müqəddəs şəxslərin adlarına (hansı əlifba ilə yazılmasından asılı olmayaraq), Quran xəttinə dəstəmazsız və qüslsüz toxunmaq haramdır. Bu cür adların yazıldığı şirniyyat məhsullarını hazırlayarən və kəsərkən onlara toxunmaq ehtimalı yaranır. Hətta bunun qarşısı alınsa belə, yenə də həmin yazıları yeyərkən yazı bədənlə təmasda olur. Bu zaman yeyən şəxslərin hər birinin təharət şərtlərinə riayət etmələri, dəstəmazlı olmaları vacibdir. Kütləvi məclislərdə bu şərtə riayət etmək çətindir. (İslam.az)