Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək (KYRİD) proqramının icrasına texniki yardım layihəsi çərçivəsində Şamaxı rayonunda “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin yaradılması üzrə təsis yığıncağı keçirilib.
Foodinfo.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, fermer Qurbanəli Babaşov “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin sədri seçilib.
tədbirdə Nazirliyinin məsul şəxsləri, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, KYRİD proqramının icrasına texniki yardım layihəsinin mütəxəssisləri, kooperativ üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.
Tədbirdə çıxış edən Kənd Təsərüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin sektor müdiri Azər Əliyev, sözügedən sektorun baş məsləhətçisi Fuad Məmmədov dövlət tərəfindən kooperativləşmə prosesinə verilən dəstəklə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan İsmayılov da öz növbəsində kooperativləşmənin məhsul satışında fermerlər üçün yaratdığı üstünlüklərə toxunub. O, “Aqrar Tədarük və Təchizat” ASC-nin kooperativlərə verə biləcəyi dəstəklə bağlı iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərclərinin azalmasına imkan verir.
Kənd Yerləri və Regionların İnkişafına Dəstək layihəsinin mütəxəssisləri Elməddin Namazov və Elçin Atababayev isə layihənin məqsədlərinə toxunaraq Şamaxı rayonunda üzümçülük və şərabçılığın inkişafı üçün kooperativləşmənin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Natiqlər KYRİD layihəsi tərəfindən aparılmış tədqiqatların nəticələrinə istinad edərək kooperativləşmənin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirdə çıxış edən fermerlər kooperativin yaradılma məqsədi barədə məlumat veriblər. Kənd təsərrüfatı məhsulları istehsalçıları bildiriblər ki, kooperativin yaradılması təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək.
Daha sonra “Məlcək Üzümçülük İstehsal Kooperativi”nin Təsis Protokolu imzalanıb və kooperativ üzvləri rəsmi qeydiyyat keçməklə bağlı qərar qəbul ediblər. İmzalanma mərasimindən sonra kooperativ üzvləri ilə ictimai müzakirələr təşkil olunub, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı