Yaponiyanın Kanadzava şəhərində keçirilən hərracda “Ruby Roman” (“Roma yaqutu”) növündən olan bir salxım üzüm rekord qiymətə, 1,4 milyon yenə (təqribən 12,7 min ABŞ dolları) satılıb. Foodinfo.az-ın məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib. Bu il salxımı supermarketlər şəbəkəsinin sahibi alıb. Hərracda qoyulan şərtlərə görə, üzümün hər giləsinin diametri 3 santimetrdən böyük və tərkibində şəkərin miqdarı 18 faizdən yuxarı olmalıdır. “Ruby Roman” dünyada ən bahalı üzüm növü hesab edilir. Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, o, yalnız 2008-ci ildə satışa çıxarılıb. Bu üzüm növü yaqut rəngi ilə seçilən, iri və şirəli çox dadlı meyvələrə malikdir.