Hormonal balans qadın sağlamlığının əsas sütunlarından biri hesab olunur və düzgün qidalanma bu balansın qorunmasında mühüm rol oynayır. Mütəxəssislər bildirir ki, bəzi qidalar estrogen səviyyəsinin təbii şəkildə tənzimlənməsinə kömək edə bilər.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, düzgün seçilmiş qidalar orqanizmdə hormon istehsalını dəstəkləyir və ümumi sağlamlığı yaxşılaşdırır. Həkimlər qeyd edir ki, estrogen səviyyəsinin azalması yorğunluq, əsəbilik, çəki artımı və immun zəifləməsi ilə özünü göstərə bilər.
Mütəxəssislərin fikrincə, ilk növbədə zülalla zəngin qidalar rasiona daxil edilməlidir. Paxlalılar, yumurta, dənli bitkilər və balıq kimi məhsullar hormonların sintezində mühüm rol oynayır və orqanizmin enerji balansını qoruyur.
Bundan əlavə, faydalı yağların qəbulu da vacibdir. Avokado, qoz-fındıq, kərə yağı və yumurta sarısı kimi məhsullar hormonal sistemin düzgün işləməsinə kömək edir. Bu yağlar hüceyrə səviyyəsində hormonların formalaşmasını dəstəkləyir.
Ədviyyatlar və otlar da estrogen balansına müsbət təsir göstərə bilər. Darçın, zəncəfil, sarıkök və sarımsaq kimi məhsullar orqanizmdə iltihabı azaldır və metabolizmi sürətləndirir.
Antioksidantlarla zəngin tərəvəzlər də xüsusi əhəmiyyət daşıyır. Brokoli, ispanaq, balqabaq və digər yaşıl tərəvəzlər orqanizmi zərərli maddələrdən qoruyaraq hormonal tarazlığı dəstəkləyir.
Mütəxəssislər həmçinin fitoestrogenlərlə zəngin qidaların qəbulunu tövsiyə edir. Soya məhsulları, kətan toxumu və müxtəlif paxlalılar tərkibinə görə estrogenə bənzər təsir göstərərək hormonal fonun normallaşmasına kömək edir.
Eyni zamanda qeyd olunur ki, həddindən artıq arıqlıq estrogen səviyyəsinin azalmasına səbəb ola bilər. Çünki bu hormonun bir hissəsi piy toxumasında sintez olunur. Buna görə də sağlam çəki balansını qorumaq vacibdir.
Sonda həkimlər vurğulayır ki, hormonal balansın bərpası üçün qidalanma ilə yanaşı, mütləq mütəxəssis məsləhəti də alınmalıdır. Çünki həm estrogen çatışmazlığı, həm də artıqlığı sağlamlıq üçün risk yarada bilər.






