
Yay aylarında yüksək temperatur bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır və bu, qida zəhərlənmələrinin artmasına səbəb ola bilər. Foodinfo.az bildirir ki, Rusiyanın Səhiyyə Nazirliyinin Uşaq Klinik Xəstəxanasının infeksion şöbəsinin müdiri Anna Slatetskaya bildirib ki, səyahətlərdə yalnız butulka suyu və ya qaynadılmış su içmək tövsiyə olunur.
O xəbərdarlıq edir ki, süd məhsulları və kremli desertlər, xüsusilə tort və pirojnalar isti havada tez xarab olur. Donmuş ət məhsullarının təkrar dondurulması və mayonezli salatların uzun müddət otaq temperaturunda saxlanması da ciddi təhlükə yaradır.
Həkimin sözlərinə görə, balıq və dəniz məhsulları, yumurta, eləcə də kəsilmiş halda soyuducudan kənarda saxlanan qarpız və yemiş də təhlükəlidir. Slatetskaya qeyd edib ki, küçə yeməkləri, xüsusilə də hazırlanma və saxlanma şəraiti bilinməyən dönər və oxşar məhsullar risklidir.
Həkim ev şəraitində hazırlanan konservlərlə də ehtiyatlı olmağı məsləhət görür. Onun sözlərinə görə, bu məhsullarda botulizmə səbəb olan toksinlər əmələ gələ bilər və bu, vaxtında tibbi yardım göstərilmədikdə ölümlə nəticələnə bilər. Slatetskaya bildirib ki, konservləri istifadə etməzdən əvvəl 10–15 dəqiqə qaynatmaq lazımdır, lakin bu məhsullar bir yaşına qədər olan uşaqlar üçün ümumiyyətlə yolverilməzdir.
O həmçinin valideynləri xəbərdar edib ki, əgər uşaqda dayanmayan qusma, qanlı ishal, güclü halsızlıq və ya psixoloji dəyişikliklər müşahidə olunarsa, dərhal həkimə müraciət olunmalıdır.
Piknik və səfərlər zamanı isə şəxsi gigiyenaya əməl etmək, əlləri yumaq, qidaları soyuducuda saxlamaq və hazır yeməkləri günəş altında iki saatdan artıq qoymamaq əsas profilaktik tədbirlər sırasındadır.
Slatetskaya əlavə edib ki, yolda istifadə üçün əl antiseptiki, elektrolit məhlulları və qızdırmasalıcı preparatlar olan bir dərman çantası mütləq şəkildə yığılmalıdır.