Avropa ölkələri bir-birinin ardınca karantin rejimini yumşaldır. Qərb dövlətlərində həyatı yavaş-yavaş qaydasına salmağı düşünürlər.
Qazet.az xəbər verir ki, mayın 18-dən Portuqaliyada kafelər və restoranlar açılır. Qida müəssisələrinə rəhbərlik edənlər dezinfeksiya məmulatlarına yüzlərlə avro xərcləyir. Portuqaliya Səhiyyə Nazirliyi gündə 6 dəfə dezinfeksiya işi aparılmalı olduğunu bildirir. Kafelərə və restoranlara giriş-çıxış zamanı müştərilər əllərini yumalıdır. Stollar arasındakı məsafə iki metrdən az olmayacaq. Restoranlardan birinin əməkdaşı olan Mariya Souza “Euronews”a qaydalarla bağlı nikbin düşünmədiyini söyləyib: “Təcrübədə sosial məsafəni qorumaq asan olmayacaq”.
İtaliyada sakinlər ilk imkandaca çimərliyə üz tutur. Roma yaxınlığındakı Ladispoli şəhərinin sakini Noemi Felitsoli dənizə biganə qala bilmədiyini deyib: “Gəzməyə çıxmışdım. Amma havanı, dənizi görüb sakit dayana bilmədim, suya baş vurdum. Böyük zövq aldım”.
Çexiyada da sakinlər karantin rejiminin yumşaldılmasından istifadə edir. Bu gün xeyli adam meşəyə kabab çəkməyə yola düşüb. Küçədə qaçanların, velosiped sürənlərin sayı artıb. Sabahdan iştirakçı sayı 100 nəfəri ötməmək şərti ilə ictimai, mədəni tədbirlər, idman yarışları keçirmək olar.