Koronavirus (COVİD-19) infeksiyasına yoluxmaq təhlükəsi yaranandan sonra sarımsaq, zəncəfil və bəzi digər məhsullara tələbat artıb. Bu məhsullara tələbatın artması qiymətlərin də artması ilə müşahidə olunur və son zamanlar sosial şəbəkələrdə bu barədə geniş müzakirələr aparılır, xüsusilə də zəncəfilin qiymətinin dəfələrlə qalxmasına kəskin münasibət bildirilib. Foodinfo.az xəbər verir ki, zəncəfilin zəngin tərkibə malik olmasından söz açan dietoloq Ləman Süleymanova məsələyə münasibət bildirib: "İşbazlar fürsətdən istifadə edib insan psixologiyasına təsir edəcək müəyyən hərəkətlər edir. Orqanizm üçün vacib və faydalı olan müəyyən qidalar var ki, immum sisteminin möhkəmləndirilməsində böyük rol oynayır. Toplumun həssaslığından və ətraf-mühitdə mövcud olan problemlərdən sui-istifadə edən iş adamları onların qiymətlərini süni şəkildə artırır. Bu, bazarda özbaşnalıq deməkdir. Odur ki, bu dövrdə sağlamlığımız üçün əhəmiyyətli olan qidaların qiymətlərini qaldıran işbazlar cəzalandırılmalıdır. Bunu bir həkim kimi tələb edirəm. Sitrus meyvələri və tərəvəzlər indiki dövrdə insan orqanizmi üçün xüsusilə faydalıdır. Ən əsas da zəncəfilin tərkibində bakteriyalara qarşı müdafiə maddələri, komponentlər və müəyyən vitaminlər var ki, immun sisteminin qoruyucu hüceyrələrini aktivləşdirir. Onun tərkibində ətraf-mühitin infeksiyasından qoruyan maddələr sistemi var. Zəncəfil, bal və limondan hazırlanan çay və ya içkiləri səhər saatlarında qəbul etmək lazımdır. Çünki səhər tezdən qəbul olunan maddələr orqanizm tərəfindən daha yaxşı qəbul olunur, gün ərzində qoruyucu funksiyası daha yüksək olur. Tərkibində vitamin C, antioksidant, bakterial, bakterisid təsirlərə malik olan bütün qidalar çox önəmlidir və onları bir-biri ilə əvəz etmək olar". (publika.az)