Duzdan çox istifadə orqanizmə gözlənilməz zərər verə bilər. Foodinfo.az xəbər verir ki, həkim-terapevt və dietoloq Elvira Fesenko gündəlik rasionda artıq duzun təzyiqi yüksəltdiyini, böyrəklərə, oynaqlara, mədəyə və ürək-damar sisteminə mənfi təsir etdiyini bildirib. Onun sözlərinə görə, duzun müxtəlif “əvəzediciləri” tam çıxış yolu deyil, çünki onların uzunmüddətli istifadəsinin təhlükəsizliyi barədə kifayət qədər məlumat yoxdur.

Mütəxəssis hesab edir ki, əsas məqsəd duzu başqa maddə ilə əvəzləmək deyil, sadəcə qəbulunu azaltmaqdır. Bunun üçün isə dad reseptorlarını yenidən öyrətmək vacibdir. Fesenko əlavə edib ki, yeməklərdə duzun miqdarını azaltmaq üçün sarımsaq, soğan, kəskin ədviyyatlar, timyan, oregano, zirə, paprika, eləcə də turş və acı tərəvəzlərdən istifadə etmək olar.

Onun fikrincə, duzun məhdudlaşdırılması xüsusən hipertoniyadan əziyyət çəkən insanlar üçün həyati əhəmiyyət kəsb edir. Daha çox təbii ədviyyatlardan istifadə isə yeməklərin həm dadını zənginləşdirir, həm də sağlamlığı qorumağa kömək edir.