Bal və şəkər bir çox baxımdan oxşardır, çünki hər ikisi tez həzm olunan karbohidratlardır. Lakin balın tərkibində bitki mənşəli maddələrin olması onu bir qədər üstün edir.

Foodinfo.az xəbər verir ki, Piroqov adına Universitetin əczaçılıq və tibbi kimya kafedrasının baş müəllimi Andrey Kondraxin bu barədə Gazeta.ru-ya danışıb. Onun sözlərinə görə, balda bitkilərdən gələn polen hissəcikləri və təbii maddələr var ki, bu da onu saf şəkərlə müqayisədə bir qədər faydalı edir.

“Balın üstünlüyü ondadır ki, onun tərkibində arıların topladığı müxtəlif bitkilərin tozcuqları olur. Bu maddələr orqanizm üçün müəyyən fayda daşıyır. Amma onların miqdarı o qədər də çox deyil və dərman təsiri göstərmir,” – deyə həkim bildirib.

Mütəxəssis vurğulayıb ki, bal da şəkər kimi qanda qlükozanın səviyyəsini kəskin artırır, buna görə də onu çox istifadə etmək olmaz.

“Bal möcüzəvi məhsul deyil, ciddi xəstəlikləri müalicə etmir. Onu daha çox profilaktik məqsədlə qəbul etmək olar. Lakin həddindən artıq istifadə qanda şəkərin yüksəlməsinə və faydalı təsirin itirilməsinə səbəb olur,” – deyə Kondraxin əlavə edib.

Həkimlərin fikrincə, şəkərin yerinə az miqdarda təbii baldan istifadə etmək orqanizm üçün daha yaxşı seçimdir, lakin əsas şərt ölçünü qorumaqdır.

Bal