İnnab çox faydalı, uzunömürlü və faydalı bitkidir. Sarı-qırmızı rəngli, şirin dadlı və xoş ətirli meyvələrinin çox mühüm müalicəvi əhəmiyyəti var. İyunun əvvəlində çiçək açır, meyvələri oktyabrda yetişir. Foodinfo.az xəbər verir ki, xalq təbabətində innab mürəbbəsi quru öskürəyə qarşı sinəyumuşaldıcı vəsitə kimi işlədilir. Qurudulmuş innabın yarpaqları çay kimi dəmlənilərək sidik kisəsinin iltihabında qəbul edilir. İnnabın meyvələri qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir. İnnab gec və çətin həzm olunsa da, faydalı cəhətləri çoxdur. Vaxtilə Şah Süleyman Səfəvinin həkimi olmuş Məhəmməd Mömin innab üçün deyib: "İnnabın meyvəsi boğaz və ağ ciyərə xeyirlidir, qanı təmizləyir və onun əmələ gəlməsinə səbəb olur. Sidikqovucu vasitə kimi böyrək xəstəliklərində faydalıdır. Ancaq innab gec həzm olunur. Onu çox yeyəndə köp verir. Yaxşı həzm olunması üçün yeməkdən əvvəl gülabda islatmaq lazımdır. Mütəmadi olaraq həddindən çox yeyiləndə kişilərdə cinsi qabiliyyəti zəiflədir".
Elmi təbabətin gətirdiyi dəlillərə əsasən, innab ağacının yarpaqları mikrobları məhv edir. Meyvənin isti həlimi öskürək zamanı içilir. Onu, həmçinin yüksək qan təzyiqi zamanı da məsləhət görürlər. İnnabın içində olan lifli maddələr tullantıları, artıq xolesterini və ağır metalları orqanizmdən çıxarır. O, ödün ifrazı və çıxması prosesinə təsir edir. İnnab qara ciyər, hipertoniya, tənəffüs orqanları xəstəliklərində sinəni və bəlğəmi yumşaldır. İnnabın yarpaq və qabığının həlimi dəri xəstəliklərində istifadə olunur.