Payız aylarında insanlar immuniteti gücləndirmək məqsədilə baldan daha çox istifadə edirlər. Foodinfo.az xəbər verir ki, URA.RU-ya istinadən yayılan məlumata görə, qastroenteroloq və terapevt İrina Qubanova balın həddindən artıq istifadəsinin faydadan çox ziyan gətirə biləcəyini bildirib.
Mütəxəssis izah edir ki, balda vitaminlər, antioksidantlar və minerallar olsa da, o, yüksək kalorili məhsuldur. Bir xörək qaşığı bal təxminən 64 kkal və 17 qram şəkər ehtiva edir. Bu normadan çox istifadə çəki artımına və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.
Bal tez-tez “sağlam şəkər əvəzedicisi” kimi qələmə verilsə də, həkim vurğulayır ki, onun kalori miqdarı adi şəkərlə demək olar ki, eynidir. Balın yüksək qlikemik indeksi qanda qlükoza səviyyəsinin sürətlə yüksəlməsinə və tez bir zamanda aclıq hissinin yaranmasına gətirib çıxarır ki, bu da həddindən artıq yeməyə səbəb olur.
Bununla belə, bal təbii məhsul kimi qiymətli qalır. O, ürək-damar sisteminə faydalıdır, soyuqdəymə simptomlarını yüngülləşdirir və zəngin tərkibi sayəsində həzmə dəstək olur.
Qastroenteroloq tövsiyə edir ki, bal istifadəsi mülayim şəkildə olmalıdır. Yetkinlər üçün təhlükəsiz norma gündə təxminən 50 qram (iki xörək qaşığı)dır. 3 yaşdan yuxarı uşaqlara isə gündə bir çay qaşığından artıq bal vermək olmaz. 3 yaşdan kiçik uşaqlar üçün bal qəti qadağandır, həmçinin allergiyası və diabeti olan şəxslər diqqətli olmalıdır.






