Yulaf dən tutanda eynən yamyaşıl buğda zəmisini xatırladır. Sünbülləyən taxıl zəmisi buğda, dən tutan yulaf sahəsi isə yarma məhsulu verir. Yüksək kalorili olduğuna görə cıdır yarışında iştirak edən cins atları yulaf samanı və toxumu ilə qidalandırırlar. Müalicəvi xüsusiyyətinə görə bitkinin toxum və samanından xalq təbabətində geniş istifadə edilir. Yulaf kalorisi yüksək olan taxıl növüdür, onun 100 qramında 390 kilokalori var. Yulaf mineral baxımından da çox zəngindir. Onun toxumları orqanizmin zərərli maddələrə qarşı müqavimətini artıran təbii antioksidantlarla zəngindir. Yulaf yarmasının tərkibində olan yüksək miqdarda fosfor və kalsium sümüyün normal inkişafı, dəmir və qanyaranma sistemi üçün vacib olan elementlərdəndir. Yulaf yarması, həmçinin mədə-bağırsaq sisteminin selikli qişasına iltihabəleyhinə təsir edir. Yulaf dəninin tərkibində əvəzolunmaz aminturşular, xüsusilə lizin çoxluq təşkil edir. Lizin piylərin parçalanmasını gücləndirərək orqanizmin enerjiyə olan tələbatını təmin edir və qanda herpes virusunun qarşısını alır. Dənin 100 qramında 384 milliqram lizin aminturşusu var. Yulafın tərkibində 6,2 faiz bitki yağı və minerallar var. Buna görə də digər yarmalarla müqayisədə orqanizmə daha asan sorulur. Yulaf yarmasından hazırlanan bir boşqab sıyıqda təxminən 3 qram lif olur və həll olan həmin liflərdən istifadə edilməsi nəticəsində qanda xolesterinin səviyyəsi 8-23 faiz azaldığı müşahidə edilib. Eyni zamanda, həmin liflər mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırmaq və qan şəkərini tənzimləmək xüsusiyyətinə malikdir. Yulaf dənindən hazırlanmış yarmadan körpə uşaqların qidalanması və bəzi xəstəliklər zamanı tətbiq edilən pəhrizlərdə geniş istifadə olunur.
Müalicə məqsədilə istifadə olunan yulaf samanı yaşıl vaxtı yığılıb qurudulmalıdır. Günəş şüalarının təsiri nəticəsində kövşəndə quruyan samanın tərkibindəki faydalı maddələr o qədər də çox olmur. (Azərtac)