Yaz mövsümündə bir çox insan burun tutulması, asqırma, göz yaşarması və dəri qaşınması kimi allergiya əlamətlərindən əziyyət çəkir. Mütəxəssislər bildirirlər ki, bitkilərin poleni bəzi hallarda gözlənilmədən qida allergiyalarına da səbəb ola bilər.
Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, həkim-allerqoloqun sözlərinə görə, polen allergiyası olan insanlarda bəzi qidalara qarşı dözümsüzlük yarana bilər. Bu xüsusilə ağcaqayın poleninə həssas insanlarda daha çox müşahidə olunur.
Mütəxəssis izah edir ki, bunun səbəbi bitkilərdə və bəzi qidalarda olan zülalların oxşarlığıdır. Məhz buna görə ağcaqayın poleninə allergiyası olan insanlar bəzən alma və qoz kimi məhsulları qəbul etdikdə də allergik reaksiyalarla üzləşə bilirlər.
Həkimlər allergiya əlamətlərini görməzlikdən gəlməməyi tövsiyə edirlər. Vaxtında mütəxəssisə müraciət etmək, polen proqnozlarını izləmək və profilaktik tədbirlər görmək yaz mövsümünü daha rahat keçirməyə kömək edə bilər.






