Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri xəbərdarlıq edirlər ki, 2050-ci ilə qədər demensiyadan əziyyət çəkən xəstələrin sayı üç dəfə arta bilər, halbuki xəstəliyin effektiv müalicəsi yoxdur. Bununla belə, ABŞ-dan olan nevroloqlar yaddaş itkisi ilə mübarizədə mühüm addım atıblar.
Foodinfo.az xəbər verir ki, “Science” jurnalında bu yaxınlarda dərc edilmiş məqalədə komanda Alzheimer xəstəliyi olan laboratoriya siçanlarında koqnitiv funksiyaların bərpasında əhəmiyyətli uğur nümayiş etdirən təcrübələr aparıb.
Alimlər diqqəti normal beyin fəaliyyəti üçün vacib olan qlükoza mübadiləsində əsas rol oynayan kinurenin yoluna yönəldiblər. Onlar müəyyən ediblər ki, bu prosesi tənzimləyən IDO1 fermentinin bloklanması təsirə məruz qalan siçanlarda yaddaş və idrak qabiliyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Bu kəşf təkcə Alzheimer xəstəliyinin müalicəsi üçün deyil, həm də parkinson xəstəliyində demensiyanın, eləcə digər xəstəliklərin müalicəsi üçün faydalı ola bilər.