Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin nümayəndə heyəti arasında videokonfrans formatında görüş keçirilib. Foodinfo.az xəbər verir ki, görüşdə bitkiçilik məhsullarının zərərvericilərinə qarşı mübarizədə Türkiyə təcrübəsinin öyrənilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunub. 2021-ci il 28 sentyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətinə toxunulub, adıçəkilən Saziş və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı” çərçivəsində görülən işlər yüksək qiymətləndirilib. Bitki mühafizə vasitələri və baytarlıq preparatlarının idxal-ixrac əməliyyatları üzrə elektron sistemlərin təkmilləşdirilməsi, Türkiyə və Azərbaycanın müvafiq elektron sistemlərinin inteqrasiyası imkanlarının nəzərdən keçirilməsi, Milli Referens Laboratoriyasının idarə edilməsi sisteminin yaradılması kimi məsələlərlə bağlı müzakirələr aparılıb və qeyd edilən istiqamətlər üzrə ekspertlərin qarşılıqlı səfərinin həyata keçirilməsinə dair razılıq əldə olunub.