Monaş Universitetinin bir qrup tədqiqatçısı aspirinin yaşlı insanlar üçün potensial təhlükələrindən danışıb. 

Foodinfo.az xəbər verir ki, "Annals of Internal Medicine" jurnalında dərc olunan araşdırma dərmanın bu insanlarda anemiya riskini 20 faiz artırdığını müəyyən edib.

Araşdırmada yaşı 70 və yuxarı olan təxminən 20 000 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüblər və onların bəzilərinə üç il ərzində hər gün 100 milliqram aspirin, bəzilərinə isə  plasebo (tərkibində heç bir tibbi effektə, sağaldıcı təsirə malik olmayan həblər) qəbul etmək təyin olunub.

Hemoqlobin səviyyəsi hər il, ferritin (dəmir) səviyyəsi isə dərmanı qəbul etməyə başlamazdan əvvəl və üç il sonra ölçülüb. Tədqiqatçılar müəyyən ediblər ki, gündəlik aşağı dozada aspirin qəbul edən qrupda anemiya riski plasebo qəbul edən qrupla müqayisədə 23,5 faiz daha yüksəkdir.

Bundan əlavə, hemoqlobin səviyyəsində cüzi, ferritin konsentrasiyasında isə daha əhəmiyyətli azalma müşahidə olunub.

Fərid