Azərbaycan milli mətbəxinin nümunələri Türkmənistanda təqdim olunub.

Foodinfo.az xəbər verir ki, bu barədə  Azərbaycanın Türkmənistandakı Səfirliyindən bildirilib.

Bildirilib ki, bu gün, mayın 6-da Aşqabad Beynəlxalq Məktəbində Beynəlxalq Milli Mətbəx Festivalı keçirilib. Hər il olduğu kimi, bu il də Azərbaycanın Türkmənistandakı Səfirliyi ölkəni Beynəlxalq Milli Mətbəx Festivalında təmsil edib.

Festivalda Azərbaycanın Türkmənistandakı Səfirliyi üçün ayrılmış və dövlət bayrağı ilə bəzədilmiş guşədə milli mətbəxin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub. Milli yemək və şirniyyatlarımız - plov, dolma, dovğa, qutab, paxlava, şəkərbura, qoğal haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər.

Eyni zamanda tədbirdə Azərbaycan tarixi, mədəniyyəti, xalça sənəti, incəsənəti və turizm potensialı ilə bağlı kitab və broşürlər nümayiş etdirilib və paylanılıb.

Ölkə ilə bağlı fotoaçıqcalar, suvenirlər, sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görməli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, milli geyimlər, tikmə nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.