2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 3 milyard 116 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,2% çoxdur.
Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 2 milyard 372,3 milyon manat məbləğində heyvandarlıq, 743,7 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,5%, bitkiçilik məhsullarının istehsal həcmi 10,9% artıb.
Yanvar-may aylarında respublikada 226,9 min ton ət (artım 3,1%), 909,5 min ton süd (artım 2,1%), 918,6 milyon ədəd yumurta (artım 11,4%), 11,7 min ton yun (azalma 2%) və 116,8 ton barama (artım 3,6 dəfə) istehsal edilib.
DSK-nın məlumatına görə, hazırda ölkədə yaz-tarla işləri davam edir.
2023-cü il iyunun 1-i vəziyyətinə 341,8 min hektar sahədə (2022-ci ilin yanvar-may ayları ilə müqayisədə azalma 10,7%) yazlıq bitkilərin səpini aparılıb, 59 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 28,7 min hektarı dən üçün qarğıdalı), 49 min hektar sahədə kartof, 59,3 min hektar sahədə tərəvəz, 16,9 min hektar sahədə bostan bitkiləri, 94 min hektar sahədə pambıq, 10 min hektar sahədə dən üçün günəbaxan, 4,5 min hektar sahədə şəkər çuğunduru, 2,6 min hektar sahədə tütün, 44 min hektar sahədə çoxillik otlar, 1,3 min hektar sahədə birillik otlar və 1,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
Yaz-tarla işləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb.
Hesabat dövründə təsərrüfatlarda 82 min ton dənli bitki (artım 49,9%), 172 min ton kartof (azalma 12%), 385,3 min ton tərəvəz (artım 18,1%), 29,5 min ton meyvə və giləmeyvə (artım 22,4%), 496,4 ton yaşıl çay yarpağı (artım 33,2%) istehsal olunub.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 10 milyard 984,2 milyon manat (2021-ci illə müqayisədə artım 3,4%) təşkil edib.