Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5 858,7 milyon manatlıq, o cümlədən 2 994,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 864 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb. Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6%, qeyri-ərzaq məhsulları üzrə isə 3,6% artım müşahidə olunub. Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Bu ilin iki ayı ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,1%-i ərzaq məhsullarının, 6%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil yanacağının, 1,6%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 24%-i ticarət müəssisələri, 48,5%-i fərdi sahibkarlar tərəfindən, 27,5%-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,1%, fərdi sahibkarlar üzrə 0,8% artmış, bazar və yarmarkalarda isə 9,1% azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 294,3 manat və ya ötən ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 150,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.