Orta temperaturların yüksəlməsi, yağıntı həcminin artması və quraqlıq dövrlərinin uzanması ilə xarakterizə olunan qlobal istiləşmə dünyada denge qızdırmasına yoluxma hallarında rekord saya səbəb ola bilər.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib. “Yer kürəsi əhalisinin demək olar ki, yarısı təxminən 129 ölkədə denge qızdırmasına yoluxma riskinə məruz qalıb, – deyə ÜST-nin Tropik xəstəliklər ilə mübarizə üzrə Qlobal proqramının rəhbəri, doktor Raman Velayudan bildirib. – Bizim qiymətləndirmələrimizə görə, hər il bu xəstəliyə 100-dən 400 milyona qədər yoluxma halı qeydə alınır”. Həmçinin sınıq sümük qızdırması adlanan denge qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçirilən ən çox yayılmış virus infeksiyasıdır. Denge qızdırmasına yoluxmuş insanların əksəriyyətində heç bir simptom olmur və onlar bir-iki həftəyə sağalırlar. Lakin bəzi insanlarda denge ağır formada keçir və onlara stasionar müalicə tələb olunur.