“Nərdivançı” sosial müəllim layihəsi Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin təşkilati dəstəyi ilə “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi elan edib.
Foodinfo.az xəbər verir ki, müsabiqə şagirdlərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsi və müəllimlərin dərslərində layihə çərçivəsində ərsəyə gələcək videoçarxlardan dərs vasitəsi kimi istifadə etməsi məqsədi daşıyır.
Müsabiqəyə ölkədə fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində çalışan müəllimlər öz şagird komandası ilə qoşula bilər.
Müsabiqəyə təqdim olunan işlərin qəbulu 5 may 2023-cü il tarixindən 5 iyun 2023-cü il tarixinə kimi davam edəcək. Qeyd olunan şərtləri ödəyən videoçarxlar "Nərdivançı" layihəsinin feysbuk səhifəsində paylaşılacaq. Paylaşılan videoçarxlar içərisindən münsiflər heyəti tərəfindən ilk üç videoçarx seçilərək qalib komandalar müəyyənləşdiriləcək.
Müsabiqə Avtosfer.az saytının informasiya dəstəyi ilə keçirilir.
Müsabiqənin şərtləri:
▪️Komanda 1 rəhbər müəllim, 2-4 şagird üzvdən ibarət olmalı;
▪️Videoçarxlar məktəblilərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsinə xidmət etməli;
▪️Videoçarx 1-3 dəqiqəlik olmalı;
▪️ Videolar keyfiyyətli, albom formatında çəkilməli, montaj olunmalı;
▪️ İştirakçı (rəhbər müəllim) özü haqqında zəruri məlumatları (ad, soyad, atasının adı, yaşadığı şəhərin (rayonun) adı, çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənnin adı, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 5 iyun saat 23:59-a qədər [email protected] e-mail ünvanına göndərilməlidir.
Qeyd edək ki, müsabiqədə "Nərdivançı" layihəsinin işçi heyətinin müəllimləri iştirak edə bilməz.
Müsabiqənin nəticələri 20 iyun 2023-cü ilədək elan olunacaq. Təltifetmə tədbiri əyani şəkildə Bakı şəhərində rəsmilərin iştirakı ilə baş tutacaq. Qalib komandalara diplomlar və hədiyyələr təqdim olunacaq.