İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində Milli Referens Laboratoriyasının (MRL) iş şəraiti ilə tanış olub. Foodinfo.az-ın xəbərinə görə, qonağa ilk növbədə AQTİ-nin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, qida təhlükəsizliyi sisteminə daxil olan mövcud laboratoriyalar şəbəkəsi optimallaşdırılıb, müasir tələblərə cavab verən yeni laboratoriyalar yaradılıb. Laboratoriya sisteminin təkmilləşdirilməsi, o cümlədən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bildirilib ki, hazırda AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Laboratoriyalar qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. Görüş vaxtı IOFS və AQTİ arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra Yerlan Baidaulet AQTİ-nin Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində molekulyar-bioloji sınaqlarının aparılması prosesini izləyib, kimyəvi müayinələr bölməsinə, fındıqda aflatoksin müayinəsi aparılan maye xromatoqraf otağına, həmçinin fiziki-kimyəvi sınaqlar, pestisid və antibiotik qalıqları sınaqları həyata keçirilən laborator otaqlara baxış keçirib. IOFS baş direktoru laboratoriya sisteminin təkmilləşdirilməsi, o cümlədən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istqamətində AQTİ tərəfindən aparılan işləri yüksək dəyərləndirib. [gallery ids="48083,48084"]