Ət satışı müəssisələrində çalışan işçilərin sanitar geyimi olmalı və bu geyimdən yalnız müəssisə daxilində istifadə olunmalıdır. Bu geyimlərə saç toru və ya örtüyü, xalat, önlük və əlcək daxildir.

Foodinfo.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, müəssisədə işçilər tərəfindən şəxsi sanitariya normalarına riayət edilməli, o cümlədən sanitar geyimlər təmiz saxlanmalı və sahibkarlar tərəfindən geyimlərin yuyulması və təmizlənməsi üçün şərait yaradılmalıdır. Müəssisədən işçilərin sanitar geyimdə və iş ayaqqabıları ilə kənara çıxması isə yolverilməzdir. 

Qeyd edək ki, ət satışı müəssisəsi işçilərinin tibbi müayinədən keçməsi və sağlamlığına dair sənədi də olmalıdır. Onlar ildə azı bir dəfə dövri tibbi müayinədən keçməlidirlər.