Hindistanda vəhşi fillər 3 nəfəri öldürüblər.

Foodinfo.az xəbər verir ki, bu barədə "Deccan Herald" yazır.

Aqressiv heyvanların qurbanları 30 yaşlı Fanu Bhunyan, onun 26 yaşlı həyat yoldaşı Babita Devi və adı açıqlanmayan üç yaşlı qızı olub. 

Polisin məlumatına görə, hücum mayın 5-nə keçən gecə Carkhand ştatının Latehar rayonunda baş verib.

Ölən kişi həmkarları ilə birlikdə kərpic istehsalı ilə məşğul olub. Ailəsi də onun yanında olub. Gənclər sobanın yanında quraşdırdıqları daxmada gecələyərkən yaxınlıqda fillər peyda olaraq onlara hücum çəkiblər. Bir ailənin 3 üzvü hadisə yerində keçinib, digər işçilər isə qaçaraq xilas ola biliblər.

Meşə Təsərrüfatı Departamentinin müfəttişi Rauşan Kumarın sözlərinə görə, faciədən bir gün öncə hadisə baş verən ərazidə 14 vəhşi fil qeydə alınıb və sakinlərə xəbərdarlıq edilib.  

Hökumət ölənlərin qohumlarına 60 min rupi (təxminən 1250 manat) təzminat ödəyib.

Nərmin