“Kiçik sahibkar baxır görür ki, özündən 10 dəfə çox dövriyyəsi olan iri sahibkardan vergi alınmır. Bu da deyir ki, mən də gizliyəcəyəm gəlirlərimi, vergidən yayınacağam.
Foodinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Millət vəkili bildirib ki, müəyyən sahələri himayə edən, vergi ödəməyən iri məmurlardan yapışmalıyıq: ““Niva”nın arxasını açıb göyərti satan 1500 manat cərimə olunur, amma böyük “parnik”ləri olanı nə audit yoxlayır, nə vergi ödəyir, düz-qoş edib işini rahat həll edir.
Ölkədə kiçik və orta sahibkarları sıxırlar ki, büdcəni doldurmalıyıq. Qida Təhlükəsizliyi Agentliyi hara girir ucdantutma 4000 manat cərimələyir. Sahibkar fikirləşir ki, bu qədər yüksək cərimə ödəməkdənsə, işimi bağlayım. Halbuki inkişaf etmiş ölkələrin 80% gəliri kiçik və orta biznezdən əldə edilən vəsait hesabına formalaşır”.