“İnsult, yəni beyin infarktı - əlin, ayağın hərəkətinin pozulması, danışıq bacarığının itirilməsi və s. kimi ciddi fəsadlar törədir”.

Foodinfo.az xəbər verir ki, bu fikirləri “Report”a Azərbaycanda və Türkiyədə ixtisaslaşmış həkim-nevroloq Fəridə Cavadlı deyib.

Həkimin sözlərinə görə, tibbin inkişafına baxmayaraq insult hələ də bütün dünyada ən çox ölüm, əlillik yaradan xəstəliklərdən biridir:

“Lakin çox sadə üsullarla özümüzü bu xəstəlikdən qoruya bilərik.

1. Arterial təzyiqə nəzarət: Təzyiqin 140/90 və daha artıq olması yüksək təzyiqdən əziyyət çəkdiyinizi göstərir;

2. Piylənmə-boyunuza uyğun olmayan çəki: bel dairəsinin qadınlarda 90 sm, kişilərdə 100 sm-dən artıq olması, orqanizmdə əlavə piyin toplanmasını göstərir;

3. Qanda laxtalanma faktorlarının və lipid mübadiləsinin yoxlanılması: Ehtiyac olan halda laxtalanmanı və xolesterini azaldan dərmanların qəbulu;

4. Fiziki aktivlik: Ən azı günaşırı piyada yerimək, hər dəfə 7000-8000 addım olmaqla;

5. Zərərli vərdişləri, xüsusən tütün məmulatları və spirtli içki qəbulunu tərgitmək: Bu bütün orqanizmi, həmçinin beyin damarlarını qoruyur;

6. Şəkərli diabet və ürək qan-damar sisteminin xəstəliklərinin vaxtında müalicəsi.

Unutmayaq ki, xəstəlikdən qorunmaq həmişə onu müalicə etməkdən daha asandır”.

Qeyd edək ki, TƏBİB-in tabeliyində olan müəssisələrdən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin PHŞ Direktor Ə.P.Sultanovun rəhbərliyi ilə fəaliyyət göstərən İbrahimova Böyükxanımın şöbə müdiri kimi fəaliyyət göstərdiyi nevrologiya şöbəsi xəstələrə göstərilən ixtisaslaşmış yardımın səviyyəsinə görə rəğbət toplayıb.