Təbii fəlakət həmişə həyəcan, təşviş və panik atak yaradır. Bunun elmi əsası ondan ibarətdir ki, orqanizmdə həyəcan hormonu olan adrenalin artır, onun artması isə damarların daralmasına, ürək döyünmələrin artmasına səbəb olur, boğulmalar və tənəffüs çatışmazlıqları əlamətləri meydana çıxır. Gənclərdə uyğunlaşma prosesi sürətlə getdiyi üçün onlar həmin anlarda ciddi problem yaşamasalar da, psixoloji amil olaraq bəzən həmin əlamətlər onlarda qalır. Bu, davamlı olduqda kortizol hormonunun artması baş verir və əslində, bu da bir stres faktorudur. Zəlzələ vaxtı təkanların davamlı olması və yaxud da onun yaratdığı vahimə hissi və təşviş panik atak təhlükəsi yaradır. Bu xəstəlik olmasa da fizioloji bir haldır. Həmin hal yaşı 60-65-dən yuxarı olanlarda, hamilə qadınlarda, körpələrdə özünü büruzə verir və ciddi psixoloji pozuntular yaradır. Həmin vəziyyətdən çıxmaq əksər hallarda çox çətinliklə başa gəlir.
Foodinfo.az xəbər verir ki, həkim-terapevt Sübhan Haciyev bunu təbii fəlakət, zəlzələ və digər həyəcanlı vəziyyətlər barədə danışarkən deyib.
Onun dediyinə görə, ətrafdakıların yaratdığı və yaxud sosial şəbəkələrdə əsası olmadan paylaşılan vahiməli xəbərləri oxuyub ona qapılmaq lazım deyil: “Belə xəbərlər daxili təlatümü daha da artırır və çox vaxt nə etmək lazım olduğunu bilmirik. İnsanların belə vahiməli xəbərlərə psixoloji cəhətdən hazırlıqlı olması lazımdır. Həmin hallarda orqanizmini sakitləşdirə biləcək antidepressiant preparatlar qəbul etmək tövsiyə olunmur, çünki onların qəbulu sonralar asılılıq yaradır. Sakitləşdirici sedativ preparatların qəbulu isə həmin vaxt çox da effektiv olmur. Ürək-damar problemi olan yaşlı insanlar, hipertoniya xəstəliyi, arterial təzyiqi olanlar, ilk növbədə, təzyiqi nəzarətdə saxlayıb dərmanları qəbul etməlidirlər. Narahatlıq çox olanda onlar sedativ dərmanlardan istifadə edə bilərlər”.
Həkim-terapevt daha sonra deyib: “Həyəcanı tənzimləyən təbii tərkibli qida əlavəsi olan preparatlar qəbul ediləndən iki həftə sonra təsir göstərməyə başlayır. Psixoloji problemi olanlar özlərini sakitləşdirmək üçün maqnezium, pişikotu, yemişan tərkibli dərmanlar qəbul edə bilərlər. Narahatlıq anında psixoloji narahatlığı aradan qaldırmaq üçün həmin dərmanlardan iki-üç həb qəbul etmək olar”.