Həssas bağırsaq sindromu (İBS) həzm sisteminə təsir edən xroniki bir xəstəlikdir. Əlamətləri və simptomları qarın ağrısı, nəcis pozuntuları, şişkinlik, ishal və qəbizlikdir.
Xüsusi pəhriz edin. Həssas bağırsaq sindromu pəhrizi İBS simptomlarını əhəmiyyətli dərəcədə azalda və sağlamlığınızı qoruya bilir.
İBS-nin təbii müalicəsində ilk addım simptomlarını tətikləyən qidalardan uzaq durmaqdır. Həssas bağırsaq sindromu olan insanların 70 %-i bəzi qidaların onlara pis təsir etdiyini deyir.
- Soğan, sarımsaq, brokoli, kələm, gül kələm kimi tərəvəzlər,
- mərci, noxud, quru lobya kimi quru paxlalılar,
- çörək, makaron, pizza, tort kimi unlu yeməklər,
- inək südü, pendir, qatıq, dondurma kimi tərkibində laktoza olan qidalar,
- qəhvə, spirt və qazlı içkilər,
- şəkərli, yağlı və ədviyyatlı qidalar və içkilər,
- tərkibində dadlandırıcı olan sorbitol məhsulları,
- inulin kimi əlavə lifli qidalar və məhsullar,
- gündə 3 porsiyadan çox meyvə yemək mədə şikayətlərini artırır.
Fasiləli oruc tutmağa çalışın. Müddətə uyan bu məşhur pəhriz nümunəsi həftədə bir neçə gün (və ya hər gün) bir dəfəyə 14-20 saat boyu kalorini məhdudlaşdırır. Kalori məhdudlaşdırılması insanlarda qan təzyiqi və insulinə həssaslığın artmasına səbəb olur. Bu baxımdan fasiləli oruc tutmaq həssas bağırsaq sindromuna qarşı yaxşı vasitə ola bilər.
İdman edin. Daimi fiziki fəaliyyət gücü və ürək-damar sağlamlığını artırır, insanı uzunömürlü edir. İdman İBS simptomlarını yüngülləşdirməyə kömək edə bilir. Bunu da qeyd edək ki, həssas bağırsaq sindromuna qarşı ən yaxşı fiziki fəaliyyət yoqadır. Çünki yoqa zehni bədən məşqidir.
Həyatınızdakı stressi azaldın. Xroniki stress kortizol hormonunu artırdığı üçün həzm sisteminə təsir edir. İBS stresə həssas bir xəstəlik olduğundan narahatlıq və əsəbi idarə etmək çox vacibdir. Stresli hadisələr həssas bağırsaq sindromu xəstələrinin 30 %-ə qədərində qarında ağrısı və şişkinliyi gücləndirə bilir.
İBS ilə əlaqəli stressi azaltmaq üçün meditasiya edin. Yoqa həm də stresdən azad olmaq üçün əla məşqdir. İstirahət üsulları və aşağı stressli həyat tərzi həssas bağırsaq sindromundan azad olmağın açarıdır.
Akupunktur alın. Akupunktur insan bədəninin strateji nöqtələrində, yəni sinirlə zəngin nahiyələrdə müxtəlif dərinliklərə tük qədər nazik iynələrin sürətlə vurulmasını əhatə edən bir müalicə növüdür. Məlum olub ki, akupunktur həssas bağırsaq sindromu şikayətlərini əhəmiyyətli dərəcədə idarə edir.
Probiotiklər qəbul edin. Həzm sistemi üçün faydalı olan bu canlı mikroorqanizmlər (bakteriyalar) bağırsaq sağlamlığınızı dəstəkləyir və həssas bağırsaq sindromunun bəzi əsas səbəblərini yüngülləşdirməyə kömək edir.
Probiotiklər qulançar, banan, arpa, soğan, kakao, kətan toxumu, hindiba kökü, soya və alma kimi bir çox meyvə, göy-göyərti və kəpəkli taxıl məhsulunda vardır.
Həssas bağırsaq sindromuna nəzarət etməyin başqa effektiv yolu qaragilə, Brüssel kələmi, badımcan və şirin kartof kimi asan həll olunan zəngin lif qəbulunu gündə 20-35 qrama qədər artırmaqdır.
D vitamini qəbul edin. D vitamini həzm sistemi üçün vacib vitaminlərdəndir. Həssas bağırsaq sindromu olan xəstələrin 50 %-dən çoxunda D vitamini çatışmazlığı var. Daha çox D vitamini almaq üçün hər gün 15-30 dəqiqə günəşli havada gəzin və D vitamini ilə zəngin qidalardan istifadə edin. D vitamini əlavələrini isə həkim məsləhəti ilə qəbul edə bilərsiniz.
D vitamini ilə ən zəngin qidalar qızılbalıq, konservləşdirilmiş ton balığı, şiitake göbələkləri, yumurta sarısı və sardinadır.
Nanə, Aloe vera, çobanyastığı, enginar və ya artishok yarpağı ekstraktı, tərkibində qlutatyon olan qidalar, ürəkbulanma üçün zəncəfil, tut yarpağı çayları və kəklikotu kimi bitkilər də həzm və bağırsaq sağlamlığını yaxşılaşdırır.