Kanadanın "Upper Canada Animal Hospital" baytarlıq klinikasının əməkdaşları itlərin həyatı və sağlamlığı üçün təhlükəli olan altı məhsulun adını çəkiblər.
Bu barədə “The Sun” məlumat yayıb.
Baytarların fikrincə, soğan və sarımsaq itlər üçün ən zərərli qidalar siyahısında birinci yerdədir, çünki onların əksəriyyəti üçün zəhərlidir. Bu bitkilər heyvanın qırmızı qan hüceyrələrini məhv edir, bu da anemiya, qarın ağrısı, ürəkbulanma, qusma və ishala səbəb ola bilər.
Digər təhlükəli məhsul avokadodur. Avokadonun tərkibində olan persin adlı maddə itlər üçün zəhərlidir. Meyvədəki yüksək yağ tərkibi itdə pankreatitin inkişafına səbəb ola bilər.
Baytarlar, həmçinin, üzümün heç bir növünü itlərə verməməyi tövsiyə etdilər. Üzümün itlərə sırf nə üçün zərərli olduğu hələ də məlum deyil, lakin bu meyvə qusma, ishal, qarın ağrısı və hətta böyrək çatışmazlığına səbəb ola bilər.
Şokoladın da bu heyvanlara zəhəri az deyil. Qeyd olunur ki, şokolad nə qədər tünd olarsa, itin sağlamlığına bir o qədər çox ziyan vurur.
Mütəxəssislər tərkibində ksilitol dadlandırıcısı olduğu üçün saqqızı da zərərli məhsullar siyahısına daxil ediblər. Saqqızı udduqdan cəmi 15 dəqiqə sonra itlərdə qaraciyər çatışmazlığı yarana bilər.
Həmçinin, baytarların fikrincə, heç bir halda ev heyvanına ağrıkəsici ibuprofen verilməməlidir, çünki itlər bu dərmana son dərəcə həssasdırlar.
Baytarlar "TikTok" sosial şəbəkəsində itlər üçün ən zərərli məhsullar haqqında video yayımlayıblar. Bir çox istifadəçi faydalı məlumat üçün mütəxəssislərə təşəkkür bildirsə də, bəzi it sahibləri həkimlərlə mübahisə edib.
“Bu, mənim Alman Çobanıma aid deyil. O, bir bütöv avokadonu tumu ilə birlikdə, bir bütöv soğan və qabıqlı bir paket püstə yeyirdi və hələ də sağdır", - deyə istifadəçilərdən biri yazıb.
Nərmin