
Mütəxəssislər xəbərdarlıq edirlər ki, gündəlik qidalanmada kərə yağından normadan artıq istifadə damar sağlamlığı üçün risklidir.
Foodinfo.az xəbər verir ki, kərə yağı doymuş yağlarla zəngindir və bu yağlar qanda pis xolesterin (LDL) səviyyəsini artıraraq damar divarlarında yığılmaya səbəb ola bilər.
Nəticədə ateroskleroz, yəni damarların daralması və sərtləşməsi baş verir. Uzun müddətdə isə bu, ürək-damar xəstəlikləri, infarkt və insult riskini yüksəldir.
Bununla yanaşı, həkimlər qeyd edirlər ki, az miqdarda kərə yağı istifadəsi təhlükəli deyil. Onun tərkibində A, D və E vitaminləri ilə yanaşı faydalı yağ turşuları da mövcuddur.
Mütəxəssislər tövsiyə edirlər ki, gündəlik yeməklərdə kərə yağı normadan artıq istifadə edilməsin, daha sağlam alternativ olaraq isə zeytun yağı və ya avokado yağına üstünlük verilsin.