Moskvadan Bakıya yeni təyyarə reysi açılıb.
Foodinfo.az xəbər verir ki, cümə günü, Moskvnın «Jukovski» Beynəlxalq Hava Limanından Moskva ilə Bakı arasında yeni reys fəaliyyətə başlayıb. Təyyarə reysini Rusiyanın «Red Wings» şirkəti həyata keçirir.
Şirkətin baş direktoru Yevgeni Solodilinin sözlərinə görə, ilk reysdə təyyarənin doluluğu (yəni yerlərin tutulması) 85% təşkil edib: «İlk uçuşda doluluq 85% oldu, bu, yeni uçuş üçün çox yaxşı göstəricidir». Yeni reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri Jukovskidən, bazar ertəsi və cümə günləri isə əks istiqamətdə həyata keçiriləcək.
Uçuşlar Rusiya istehsalı olan SSJ100 təyyarəsi ilə həyata keçirilir: «Uçuşun müddəti 3 saat 30 dəqiqə olacaq, marşruta 100 yerlik müasir komfortlu SSJ100 təyyarəsi xidmət göstərir».
Qeyd edək ki, «Red Wings» şirkətinin yeni reysi ilə Moskvadan Bakıya və əksinə uçuşlarda biletlər fərqli qiymətədir. Moskvadan Bakıya uçuş daha bahadır. Belə ki, Moskvadan Bakıya uçuş bileti 16 960 rubl və ya 220 dollardan (təqribən 380 manat) , Bakıdan Moskvaya uçuş bileti isə 13 045 rubl və ya 170 dollardan (təqribən 290 manat) başlayır.
Paytaxtdan 25 km məsafədə yerləşən hava limanının özü üçün yeni istiqamət beynəlxalq nəqliyyat seqmentində ardıcıl 17-ci oldu. Moskva ilə Bakı arasında hava əlaqəsinə gəlincə, ona Aeroflot, UTair və Azərbaycan Hava Yollarının təyyarələri də xidmət göstərir.