Kənd Təsərrüfatı Nazirliyinin məqsədi müasir suvarma sistemlərinin tətbiqi ilə yüksək keyfiyyətli ərzaqlıq buğda istehsalına nail olmaqdır.
Foodinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və nazirliyin birgə fəaliyyəti çərçivəsində Bakıda keçirilən Azərbaycanda Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forumda nazir müavini Sarvan Cəfərov bildirib.
"Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payında artım müşahidə olunur. Nazirliyin planlarından biri də ölkə prezidentinin verdiyi tapşırıqlara uyğun olaraq ərzaqlıq buğda istehsalının stimullaşdırılmasıdır. Bu çərçivədə hədəflərimiz müasir suvarma sistemlərinin tətbiqi ilə yüksək keyfiyyətli ərzaqlıq buğda istehsalıdır. Ümumiyyətlə, fermerlərin gübrə, pestisid və kənd təsərrüfatı texnikaları ilə təminatının yaxşılaşdırılması üçün göstərilən dövlət dəstəyi tədbirləri müsbət nəticə verməkdədir", - deyə o qeyd edib.