Alimlər təhlükəli infeksiyalarla mübarizədə yeni ümidverici nəticə əldə ediblər. Yeni araşdırmalar göstərir ki, əvvəllər koronavirusun müalicəsi üçün hazırlanmış bir preparat başqa ciddi viruslara qarşı da təsirli ola bilər. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, Çin alimləri tərəfindən hazırlanan VV116 adlı antivirus dərmanının Nipah virusuna qarşı effektivliyi aşkar edilib.

Məlumata görə, bu barədə South China Morning Post nəşri Uhan Virusologiya İnstitutunun alimlərinin tədqiqatlarına istinadla məlumat yayıb. Aparılan eksperimentlər zamanı VV116 preparatı qızılı xomyaklar üzərində sınaqdan keçirilib və ağızdan qəbul edildikdə yoluxmuş heyvanların sağ qalma səviyyəsini 66,7 faizə qədər artırıb.

Tədqiqat nəticələri göstərib ki, preparat eyni zamanda virus yükünü xeyli azaldıb. Xüsusilə Nipah virusunun əsas hədəfi sayılan ağciyər, dalaq və beyin toxumalarında virusun miqdarı əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu isə dərmanın mərkəzi sinir sistemini zədələyən bu təhlükəli patogenə qarşı potensial təsirini ortaya qoyur.

Alimlərin fikrincə, bu nəticələr VV116 preparatının Nipah virusuna qarşı terapevtik imkanlarını sübut edən ilk elmi dəlildir. Tədqiqatçılar hesab edirlər ki, dərman risk qrupuna daxil olan şəxslər — xüsusilə tibb işçiləri və laboratoriya əməkdaşları üçün profilaktik məqsədlə, eləcə də gələcəkdə mümkün yoluxma dalğaları zamanı müalicə vasitəsi kimi istifadə oluna bilər.

Mütəxəssislər vurğulayırlar ki, nəticələr ümidverici olsa da, preparatın insanlar üzərində istifadəsi üçün əlavə klinik araşdırmaların aparılması vacibdir. Bununla belə, bu kəşf Nipah kimi təhlükəli viruslara qarşı mübarizədə mühüm addım kimi dəyərləndirilir.