“Fiziki aktivliyin azalması xərçəng riskini artırır”
Aktiv həyat tərzinin əhəmiyyətinə toxunan Tibbi Onkologiya Mütəxəssisi Sadık Muallaoğlu qeyd edib ki, xərçəngdən ölüm hallarının 5 faizi oturaq həyat tərzi ilə əlaqəlidir.
“Həddindən artıq çəki, hərəkətsizlik, siqaret və spirt istifadəsi hüceyrənin genetik quruluşuna zərər verərək xərçəng riskini artırır. Həddindən artıq günəş radiasiyası və ya süni ultrabənövşəyi radiasiyaya məruz qalmaq, havanın çirklənməsi, qapalı mühitlərdə radon qazı, içməli suda yüksək arsenik, asbest liflərinə məruz qalmaq xərçəngə səbəb ola bilən ətraf mühit faktorlarıdır”,-deyə həkim bildirilib.
Mütəxəssis qeyd edib ki, piylənmənin 13 növ xərçəng riskini artırdığı aşkar edilib. Bariatrik cərrahiyyənin töhfəsi ilə son 7 illik təqibdə xərçənglə əlaqəli ölümlərin 60 faiz azaldığı məlum olub. Bariatrik cərrahiyyə ilə ümumi xərçəng riskində 33 faiz azalma müşahidə ediib. Kolon xərçəngi, postmenopozal döş xərçəngi, endometrial xərçəng və mədəaltı vəzi xərçəngi kimi çəki ilə əlaqəli xərçənglərdə 55 faiz azalma əldə edilib.
Həkimin sözlərinə görə, dünyada xərçəngdən ölüm hallarının əksəriyyətinin səbəbi kimi fiziki hərəkətsizlik göstərilir. Qlobal Xəstəlik Yükü Araşdırması bildirir ki, dünyada kişilərdə xərçəng ölümlərinin 50,6 faizi, qadınlarda isə 36,3 faizi davranış, ətraf mühit və peşə və ya metabolik risk faktorları ilə bağlıdır.
Muallaoğlu onu da əlavə edib ki bütün tibbi irəliləyişlərə baxmayaraq, xərçəng ölümcül bir xəstəlikdir. Həm skrininq, həm də profilaktika strategiyaları ilə bir çox xərçəngdən ölüm nisbəti azaldıla bilər. Amma bütün hallarda xəstəliyə tutulmamaq üçün aktiv həyat tərzi və sağlam qidalanma tövsiyə edilir.