Əsasən məktəbli uşaqlarda görülən unutqanlıq digər bir çox problemə səbəb ola bilər. Yaddaş zəifləməsi onların təhsil həyatlarında çətinliklər və dərslərdə müvəffəqiyyətsiz olmalarına şərait yaradır. Bu müddətdə valideynlər övladlarına qarşı səbirli və mülayim yanaşmalıdır. Həmin dövrdə uşaq sərt rəftar görərsə, problemin uşağın yetkinlik dövründə davam etməsi gözlənilən hal olar.
Foodinfo.az xəbər verir ki, bunu həkim-pediatr Afət İbrahimli deyib. Onun sözlərinə görə, uşaq yaşlarında yaşanan bu hal gələcəkdə müəyyən problemlər yaradır.
Pediatr zəif yaddaşlı uşaqların yetkinlik dövründə depressiyanın müşahidə olunduğunu deyib: “Onlar unutqanlıq səbəbindən məktəb həyatında uğursuz olurlar. Bu da uşaqlarda müəyyən müddət sonra depressiya, əsəbilik kimi problemlərlə özünü büruzə verir. Uşaqların unutqan olması sosial həyatlarına da mənfi təsir edir. Valideynlər bu kimi halların təsirini azaltmaq və hətta qarşısını almaq üçün diqqətli olmalıdır. Onlar övladlarına mülayim davranmalı, soruşduğu hər suala səbirlə cavab verməlidir. Ehtiyac yaranarsa, mütəxəssisə müraciət edilməsi tövsiyə olunur”.
Pediatr unutqanlığa səbəb olan xəstəliklərdən danışıb: “Son dövrlər yaddaşsızlıq gənclərdə daha çox müşahidə olunur. Stres və qayğı, psixoloji problemlər unutqanlığı yaradan əsas səbəblərdir. Bəzən vitamin əskikliyi, tiroid funksiyanın pozulması, körpələrin keçirdiyi qızdırmalı xəstəliklər, travmalar prosesdə böyük rol oynayır. Sağlam qidalanmaq, bol miqdarda su içmək unutqanlığın qarşısını müəyyən qədər alır. İdman, xüsusilə, yerimək yaddaşı gücləndirmək baxımından çox əhəmiyyətlidir. Uşaqların yetkinlik dövründə edilən pəhriz və davamlı aclıq yaddaşa pis təsir edir”.
A.İbrahimlinin sözlərinə görə, tapmacalar və zehni oyunlar, kitab oxumaq, balıq yağı və qozun istehlakı yaddaşı gücləndirir.