Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.
Foodinfo.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada - bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.
Qeyd olunub ki, pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mala görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir. Bunlardan əlavə, dəyəri birbaşa bank hesabına ödənilmiş mala görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.