Yüksək qan təzyiqi (hipertoniya) dünyada milyonlarla insana təsir edən ciddi bir sağlamlıq problemidir. Bu xəstəlik vaxtında nəzarət altına alınmazsa, ürək, beyin və böyrəklər üçün təhlükəli nəticələrə səbəb ola bilər. Bəzi dərmanlarla yanaşı, təbiətdə olan bəzi bitkilər də qan təzyiqini təbii şəkildə tənzimləməyə kömək edir. Bu bitkiləri gündəlik rasiona daxil etməklə həm qan dövranını yaxşılaşdırmaq, həm də dərman ehtiyacını azaltmaq mümkündür.

Foodinfo.az qan təzyiqini təbii şəkildə salan 5 bitkini təqdim edir:

1. Sarımsaq

Sarımsaq təbii damar genişləndirici və qan durulducu təsirə malikdir. Tərkibindəki allicin maddəsi qan təzyiqini salmağa kömək edir.

Hər gün 1–2 diş çiy sarımsaq yemək faydalıdır.

Salatlara və yeməklərə çiy halda əlavə etmək daha təsirlidir.

2. Qaraçörəkotu

Qaraçörəkotu qədimdən xalq təbabətində istifadə edilən güclü şəfalı bitkidir. Araşdırmalara görə, müntəzəm istifadə qan təzyiqini və xolesterolu azaldır. Hər gün 1 çay qaşığı qaraçörəkotu toxumu və ya yağı istifadə oluna bilər. Yağını ilıq su və ya qatıqla qəbul etmək daha geniş yayılıb.

3. Zəncəfil

Zəncəfil qan dövranını sürətləndirir, damarları genişləndirir və ürək-damar sisteminə müsbət təsir göstərir.

Zəncəfil çayı və ya təzə zəncəfil dilimləri təzyiqin tənzimlənməsinə kömək edir. Həftədə bir neçə dəfə istifadə etmək kifayətdir.

4. Lavanda

Lavanda sakitləşdirici təsiri ilə tanınsa da, həm də qan təzyiqini tənzimləyici təsirə malikdir. Gərginliyi azaldır və sinir sistemini rahatladır.

Lavanda çayı və ya aromaterapiya yağı (diffuzer və ya vanna üçün) istifadə oluna bilər.

5. Hibiskus (qırmızı çay)

Hibiskus çayı (bəzi bölgələrdə “qırmızı çay” kimi tanınır) qan damarlarını genişləndirir və bədəndən artıq mayeni çıxararaq təzyiqin düşməsinə səbəb olur. Gündə 1 fincan şəkərsiz hibiskus çayı içmək faydalıdır. Qan durulducu dərmanlarla birlikdə istifadə olunursa, həkimlə məsləhətləşmək tövsiyə olunur.

Bunlarla yanaşı, duz istehlakını azaltmaq, su qəbulunu artırmaq stressdən uzaq durmaq, fiziki aktivliyi artırmaq lazımdır.