
Norveçin Oslo Universitetinin toksikologiya üzrə mütəxəssisi Liv Kristiansen bəzi dərmanların qəhvə ilə birlikdə qəbul olunmasının onların mənimsənilməsinə əngəl törədə biləcəyini açıqlayıb.
Foodinfo.az bildirir ki, “Aftenposten” nəşrinə danışan alim bildirib ki, qəhvə tərkibindəki kofein və tanin maddələri bəzi dərmanların bioaktivliyini azaldır. Xüsusilə də dəmir əlavələri, tiroid hormonları və bəzi antibiotiklər qəhvə ilə eyni vaxtda qəbul olunduqda effektivliyini xeyli itirə bilər. Kristiansen qeyd edib ki, qəhvə mədədə turşuluğu artıraraq bəzi həblərin parçalanma sürətinə təsir edir.
O əlavə edib ki, dərmanla qəhvə arasında azı 1-2 saatlıq fasilə saxlamaq mütləqdir. “Qəhvə sağlam içki ola bilər, amma dərman qəbuluna yanaşmada ehtiyatlılıq lazımdır,” – deyə o bildirib. Kristiansen həmçinin dərman qəbul edilən zaman adi suyun ən təhlükəsiz seçim olduğunu vurğulayıb. Bəzi hallarda dərmanın qəhvə ilə qəbulu ya effektin zəifləməsinə, ya da dozadan artıq təsirə səbəb ola bilər.