
Balıq sağlamlıq üçün faydalı bir protein və omeqa-3 mənbəyi olsa da, qurudulmuş və hisə verilmiş formada istehlak edilən balıqlar bəzi təhlükələr daşıya bilər.
Foodinfo.az xəbər verir ki, bu cür emal üsulları qidanın dadını və saxlanma müddətini uzatsa da, bəzi zərərli maddələrin yaranmasına və sağlamlıq risklərinə səbəb ola bilər.
Hisə verilmiş balıqların çoxunda konservant kimi istifadə edilən nitrat və nitritlər vardır. Bu maddələr xərçəng riskini artırır (xüsusilə mədə və yoğun bağırsaq xərçəngi), təzyiqin yüksəlməsinə səbəb olur, uşaqlarda metemoglobinemiyaya (qan oksigen daşıma qabiliyyətinin azalması) yol aça bilir.
Balıq hisə verildikdə tüstü vasitəsilə balığa PAK adlı kimyəvi birləşmələr hopur. Bu maddələr zəhərlidir. Uzun müddət istifadədə xərçəng yaradıcı təsirə malikdir, qaraciyər və böyrəkləri zədələyə bilir.
Qurudulmuş və hisə verilmiş balıqların çoxu duzla marinad edilir. Bu isə yüksək qan təzyiqinə səbəb olur, ürək-damar xəstəlikləri riskini artırır, böyrəklər üçün əlavə yük yaradır.
Qurudulmuş balıqların düzgün saxlanılmaması nəticəsində listeriya, salmonella, clostridium kimi təhlükəli bakteriyalar inkişaf edə bilər. Bu da qida zəhərlənmələrinə və mədə-bağırsaq pozğunluqlarına səbəb olur.