
Xərçəng XXI əsrin ən ciddi sağlamlıq problemlərindən biri olsa da, bu qorxulu xəstəlik qarşısında tam gücsüz deyilik. Bir çox elmi tədqiqatlar göstərir ki, xərçəngin yaranma riskinin 30–40 faizini düzgün həyat tərzi və sağlam qidalanma ilə azaltmaq mümkündür. Bu fakt sadəcə statistik deyil, gündəlik vərdişlərimizin orqanizmimiz üzərində necə güclü təsirə malik olduğunu sübut edir.
Foodinfo.az xəbər verir ki, qidalanma hüceyrələrin fəaliyyətini, immun sistemini və hormonal balansı birbaşa təsirləyən faktordur. Bəzi məhsullar xərçəng riskini artırdığı halda, digərləri qoruyucu təsir göstərir.
Xərçəngə qarşı qidalar:
- Tərəvəz və meyvələr – Antioksidant, lif və fitokimyəvi maddələrlə zəngindir.
- Yaşıl çay, zəncəfil, sarımsaq, zəfəran – Təbii iltihab və xərçəng əleyhinə təsirə malikdir.
- Tam taxıllar və paxlalılar – Həzm sistemini gücləndirir, bağırsaq xərçəngi riskini azaldır
- Balıq və omeqa-3 yağ turşuları – Hüceyrə membranlarını qoruyur və iltihabı azaldır.
Xərçəng xəstəliyini tətikləyən qidalar:
- Emal olunmuş ətlər (sosis, kolbasa)
- Həddindən artıq qırmızı ət
- Şəkərli içkilər və trans yağlarla zəngin qidalar
- Duzlu, qızardılmış, yandırılmış məhsullar
Fiziki aktivlik xərçəng riskini azaldan ən vacib amillərdəndir. Həftədə ən az 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyət (məsələn, sürətli gəzmək, üzgüçülük, rəqs və ya velosiped sürmək) döş, yoğun bağırsaq və digər xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir.
Fiziki aktivlik həddindən artıq çəki riskini azaldır, immuniteti gücləndirir, hormonal tarazlığı qoruyur (xüsusilə estrogen və insulin səviyyəsini)
Artıq çəki və piylənmə, xüsusilə döş, qaraciyər, mədəaltı vəzi, yoğun bağırsaq və uşaqlıq xərçəngi riskini artırır. Orqanizmdəki artıq yağ toxuması iltihab proseslərini gücləndirə və hormon balansını pozur.
Bədən kütlə indeksi (BKİ) sağlam aralıqda saxlanmalı (18.5–24.9) və bel ətrafı ölçüsü nəzarətdə olmalıdır.
Tütün istifadəsi bir çox xərçəng növünün əsas səbəbidir: ağciyər, boğaz, sidik kisəsi, pankreas və s. Alkoqol isə qaraciyər, ağız boşluğu, döş və yoğun bağırsaq xərçəngi riskini artırır. Tədqiqatlara görə, tütünü tərgitmək və alkoqolu tamamilə kəsmək riskləri əhəmiyyətli dərəcədə azaldır.
D vitamini sintezi üçün günəş işığı vacib olsa da, ultrabənövşəyi (UV) şüalar dəri xərçənginin əsas səbəblərindəndir. Günorta saatlarında birbaşa günəş şüasından uzaq durmaq və qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.
Həmçinin xərçəngin erkən mərhələdə aşkarlanması sağalma şansını xeyli artırır. Döş, servikal, yoğun bağırsaq və dəri xərçəngi üçün nəzərdə tutulan screening (müntəzəm yoxlanış) proqramlarında iştirak etmək həyati əhəmiyyət daşıyır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına görə, xərçəng hallarının 30–40 faizi həyat tərzi dəyişiklikləri ilə qarşısı alına bilən növlərdir. Sağlam qidalanma, hərəkətli həyat tərzi, zərərli vərdişlərdən uzaq durmaq və müntəzəm yoxlanışlar bu qorxulu xəstəliyə qarşı ən güclü qalxanımızdır.