Qəbul edilən qidalar, passiv həyat tərzi, fiziki aktivliyin olmaması, tütün məmulatlarından istifadəsi ürəyə ziyandır.
Foodinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı, professor Rəşad Mahmudov deyib.
Ürək-damar cərrahı bildirib ki, bunun nəticəsi isə çox ağır olur, gənc yaşda ürək dayanır: “İş şəraitinin yaratdığı streslə yanaşı, həm də dünyada hərəkətsiz həyatın getdikcə artması, gəzinti və yürüşlərin azalması, metobolik və onların yaratdığı ürək-damar xəstəlikləri əsas xəstəlik olaraq qalmaqdadır.
Bu xəstəlik daha çox təzyiqdən, şəkərli diabetdən əziyyət çəkən və düzgün qidalanmayan insanlarda müşahidə olunur. Son vaxtlar ürək genişlənməsi xəstəliyi də geniş yayılıb. Əsas səbəb isə qeyri-sağlam qida və genetik amillərdir. Bütün bunların fonunda həkimə vaxtında müraciət edilmir və müalicəyə səhlənkar yanaşılır. Sağlamlığa səhlənkar yanaşma nəticəsində insan xəstələnir.
“Çoxlu hərəkət etmək, yalnız ürək-damar deyil, istənilən metobolik xəstəliklərinin və onların yaratmış olduğu xərçəngin də qarşısının alınmasında ən səmərəli yollardan biridir”, -deyə həkim-kardioloq əlavə edib.
Bununla yanaşı tibbin imkanlarından faydalanmaq lazımdır.