Arıqlamaq istəyən bir çox insan gündəlik kalori qəbulunu azaltmaq üçün səhər yeməyini atlamağı üstün tutur. Lakin mütəxəssislərin fikrincə, bu vərdiş arıqlamaq əvəzinə kökəlməyə səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, səhər yeməyini yeməmək bədəninizdəki kalori ritmini poza və kökəlməyə gətirib çıxara bilər.

Dietoloqlar qeyd edirlər ki, səhər yeməyindən vaz keçən insanlar günün gec saatlarında daha çox yemək yeməyə meyllidirlər. 

Xüsusilə axşam saatlarında qəbul edilən yüksək kalorili qidalar maddələr mübadiləsinin yavaşlamasına və artıq çəkinin artmasına səbəb olur. 

Orqanizm səhər saatlarında daha aktiv olduğu üçün istehlak edilən kalorilər daha tez yandırılır. Bu səbəblə səhər yeməyinin nizamlı olması, çəkiyə nəzarət və maddələr mübadiləsini qorumaq baxımından böyük əhəmiyyət kəsb edir.

Səhər süfrəsi üçün uzun müddət tox saxlayan qidaları seçərək gün ərzində daha az kalori qəbul edə bilərsiniz.

Səhərlər tam taxıllı məhsullar və ya əzilmiş yulaf süd və ya qaynar su ilə bişirilərək istehlak edilə bilər. Sıyığa qoz-fındıq, giləmeyvə, pendir, yumurta və ya avokado əlavə etmək olar. Bununla belə, şəkər və ya çox bal əlavə etməmək tövsiyə olunur.

Yumurta da səhər yeməyi üçün ideal bir qidadır. Yumurta sarısı öd sisteminin sağlam işləməsinə kömək etməklə yanaşı, sinir sistemi, qaraciyər və qan dövranı sistemi üçün də faydalıdır.

Avokado sağlam bitki yağları ilə zəngindir və tam taxıl çörəyi ilə daha balanslı səhər yeməyi alternativi təklif edir.

Pendir (xüsusilə evdə hazırlanmış), qırmızı balıq və bitki mənşəli protein qaynaqları toxluq müddətini uzatmaqla gün ərzində daha az yeməyə kömək edir.

Mütəxəssislər bildirirlər ki, sağlam səhər yeməyi gün ərzində enerji səviyyəsini qoruyub saxlayaraq çəkiyə nəzarət etməyə kömək edə bilər. Bu səbəbdən səhər yeməyini atlamaq yerinə, düzgün qidaları seçərək balanslı səhər yeməyinə sahib olmaq çox daha sağlam bir seçim olardı.