Son elmi araşdırma demensiyanın qarşısının alınmasına yanaşmanı dəyişə biləcək mühüm nəticələr ortaya qoyub. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Liverpul Universitetinin alimləri yeməkdən sonra qanda şəkərin kəskin yüksəlməsinin Alzheimer xəstəliyinin inkişaf riski ilə əlaqəli ola biləcəyini müəyyən ediblər. Araşdırmanın nəticələri “Diabetes, Obesity and Metabolism” jurnalında dərc olunub.

İndiyə qədər şəkərli diabetin ikinci tipi, insulinə həssaslığın azalması və yaddaş zəifləməsi arasında əlaqə məlum idi. Lakin bu prosesin dəqiq mexanizmləri tam aydın deyildi. Alimlər səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək üçün 350 mindən çox insanın məlumatları əsasında genetik təhlil aparıblar.

Tədqiqat zamanı məlum olub ki, yeməkdən sonra qan şəkəri yüksək olan şəxslərdə Alzheimer xəstəliyinə tutulma riski 69 faiz daha çoxdur. Maraqlıdır ki, bu risk beynin ümumi həcminin azalması və ya strukturlarının zədələnməsi ilə izah olunmur. Bu fakt xəstəliyin daha mürəkkəb maddələr mübadiləsi və damar mexanizmləri ilə bağlı ola biləcəyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, qanda şəkərin tez-tez və kəskin yüksəlməsi beyin hüceyrələrinin fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu isə zamanla yaddaş və düşünmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Araşdırma müəllifləri qeyd edirlər ki, şəkərli diabeti olmayan insanlarda belə yeməkdən sonrakı şəkər göstəriciləri diqqətdə saxlanmalıdır.

Tədqiqatın rəhbəri doktor Endryu Meyson bildirib ki, bu nəticələr qan şəkərinə nəzarətin yalnız ümumi səviyyədə deyil, xüsusilə yeməkdən sonra da vacib olduğunu göstərir. Onun sözlərinə görə, düzgün qidalanma və sağlam həyat tərzi Alzheimer riskinin azalmasında mühüm rol oynaya bilər.